“Kölgə iqtisadiyyatına qarşı tədbirlər büdcə gəlirlərində artımlar yaradıb” - Ekspert 

12:41 24.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Təkcə cari ilin əvvəlindən bəri dövlət büdcəsinə 100 milyonlarla manat əlavə vəsait daxil olub. Yəni, ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər büdcə gəlirlərində artımlar yaradıb ki, iqtisadiyyatda böyük kəskin keyfiyyət dəyişiklikləri baş verib”. Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Ekspert vurğulayıb ki, 2018-ci ildə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsait aşkar olunaraq dövlət büdcəsinə daxil edilib: “Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxandı. Ümumiyyətlə, vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini gözlənildiyindən də daha tez və yüksək nəticədə verdi və verməkdə də davam edir ki, gömrük və vergi orqanları tərəfindən cari ilin 9 ayında büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edilib. Prezident demişkən, bu, bir daha onu göstərir ki, nə qədər böyük ehtiyatlarımız var. Ona görə də, şəffaflıq prinsiplərinin genişmiqyaslı tətbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatların bundan sonra da davam etdirilməsi fasiləsiz xarakter daşımalıdır. Çünki büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan həddə qədər çatmayınca, dövlətimizin sosial aspektdə cari ildən gücləndirdiyi genişmiqyaslı maliyyələşdirmə səylərinin maksimal səviyyədə uzunmüddətli effekt verməsi əsla mümkün deyil”.